Futzal turnirində yarımfinalçılar bəlli oldu

Muxtar respublikada fəaliyyət göstərən nazirliklər arasında "Heydər Əliyev kuboku" uğrunda futzal turnirində bu həftənin cümə və şənbə günləri keçirilən görüşlərlə qrup mərhələsinə yekun vuruldu.
 
Fövqəladə Hallar Nazirliyi - İqtisadiyyat Nazirliyi oyununda birinci tərəf 8:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə FHN təmsilçiləri yarımfinala adlayıblar. Növbəti görüşdə Maliyyə Nazirliyinin komandası üzərində 5:0-lıq qalibiyyət əldə edən FHN "B" qrupunu lider kimi tamamlayıb. Səhiyyə Nazirliyin komandasına növbəti oyunlarında oyunda iştirak etmədiyinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib. Buna əsasən Mədəniyyət və İqtisadiyyat nazirliklərinin göstəricilərinə 3 xal da əlavə olunub.
 
Qrup mərhələsindəki nəticələrdən sonra 4 komanda növbəti mərhələyə çıxıb. Turnirin reqlamentinə əsasən yarımfinal mərhələsində Gənclər və İdman Nazirliyi - FHN, Maliyyə Nazirliyi - Rabitə və Yeni Texnologiyalar Nazirliyi matçları keçiriləcək.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 9 komanda qatılıb. Kollektivlər iki qrupda mübarizə aparıb. Hər qrupdan ən yaxşı göstəriciyə malik iki komanda pley-ofa adlayıb.